İranda yaşayan türklərin “oyanış” evrəsini keçirib öz haqlarına çatması bir az gerçək dışı kimi görünür. Çünkü bu mühit tarixi baxımdan fars kimliyi ilə öyləsinə örtülmüş, donatılmışdır ki, bu coğrafiyada qurulan türk dövlətləri də farsçılığın, fars dilinin və kültürünün xidmətçilərinə dönüşmüşlər. Milyalar dolarlıq türklərin ordan-burdan yağmalayıb dövlət budcəsi oluşdurdğu sərmayələr fars dilinin yaşamasına, türk dilinin tarixdən silinməsinə həsr edilmişdir.
Bu coğrafiyanın tarixi dəyərləri fars dili əsasında yapılanmışdır. İran genəlində yaşayan türklərin digər millətlər kimi oyanıb öz haqlarına sahib çıxmaları tarixi gerçəkliklə tərs düşməkdədir. Çünkü oyanışın heç bir tarixi dayanağı və kitabı yoxdur. Nəyi oxuyub oyanmalıdırlar? İran coğrafiyasında nə əskidən nə də indiki zamanda türklük şüurunun döllənməsinə olanaq olmamışdır. “Türk dövlətləri!” bu olanağı sağlamamışlar. Bir çox dönəmlərdə dəyişikliklər yapılsa da, bu tarixi mühit heç bir zaman türk kimliyinin ortaya çıxması yönündə dəyişməmişdir. Bütün dəyişikliklər fars kimliyi əsasında ortaya çıxmış və türk canlılarda fars amacları yolunda canfəşanlıq etmişlər. Həyatlarını fəda etmişlər. Bu coğrafiyada türk kimliyinin görünməsi üçün tarixi açıdan ortam dəyişikliyi ortaya çıxmalıdır. Bu ortam dəyişikliyini sağlayacaq dinamiklər də İranda yaşayan türklərin kültüründə və tarixində, dəyərlərində mövcud deyildir. 1919-cu ildə Əhməd Şah Qacar bu ölkəni bir dəfəlik farslara buraxıb getməsi yerinə ingilizlərə buraxsaydı İranda türk varlığı dərhal ortaya çıxardı. Çünkü batı modernitəsi ölkəyə girdikdən sonra ulusal kimliklərin oyanışına yardımçı olacaqdı. Hindistandan da daha fərqli şəkildə gəlişmə sağlanmış olurdu. Karl Marks yazırdı: “Hindistanın siyasi tarixi yoxdur. Hindistanı ərəblər, farslar və türklər idarə etmişlər. Ancaq bu üç millətin mədəniyət səviyəsi Hind mədəniyətinin çox gerisində olduğu üçün Hind mədəniyəti qarşısında yenildilər. İngiltərə isə, Hindistana girdiyində yeni bir mədəniyət gətirdi. Sənayeləşmə və modernitə mədəniyəti. Bu üzdən də bəlkə Hindistan bir zaman İngiltərə koloniliyindən qurtula bilər. Ancaq batı mədəniyətini dışlayamaz. Çünkü bu mədəniyət yenidir.” 1919-cu il andlaşması gerçəkləşsəydi İran genəlində İslam Orta çağından qurtulma şansı da ortaya çıxacaqdı. İslam Orta çağının başlıca özəlliyi Türk dilini aşağılamaq, tarixdən silmək olmuşdur.
Tarixi açıdan fars dəyərlərinə xidmət edən bu ortam modern çağda da fars dilini və kimliyini bərkişdirdi. Quzey Azərbaycan rusların basqısı üzündən bu tarixi ortamdan qoparıla bildi. Yoxsa ora da İran mühitində qalsaydı indi Bakının petrolu fars dəyərlərinə xidmət edəcəkdi. Necə ki, 1930-cu illərə qədər fars dili öz hakimliyini indiki Quzey Azərbaycanda sürdürürdü. 1918-ci ildə dövlət quran MÜSAVARÇIlar fars dilini öz dillərindən daha yaxşı bilirdilər. Hətta Əlibəy Hüseynzadə kimi “türkçü!”lər farsça ilə türkçənin eyni dil olduğunu iddia edirdilər! İrandakı türklər öz tarixlərinin əsarətindələr. Bir tək Nizaminin, Xaqaninin, Mövlananın əsərləri İrandakı türklərin asimilasionu üçün yetərli. Fars dilini bilən adam bunların dərin etki dairəsindən çıxa bilmir. Türk dilində də öylə güclü ədəbiyat yox. Fars dili farscanı bilən üçün bir cazibə mərkəzi kimi qalır. Türklərin yazdıqları farsca bilgilər bu gün türklüyün əriməsi üçün güclü etkənlərdir. Hətta Türkiyədə və Azərbaycanda fars dilini bilənlər irançılığa meylli. Nə etsinlər? Yüz illərin mədəni fəaliyətləri o dildə şəkillənmiş. Mövlana üzərinə roman yazanların içində gizlin fars meyllilik var. Çünkü Türkün gerçək mədəniyəti fars dilində yazılmış. Türk dilində bir şey yoxdur ki. Olanları da zatən oxuya bilən yox. Çünkü farsca və ərəbcənin basqısı altında olan bir ədəbiyat. Yerdə qalan fəlsəfi dərinliyi olmayan aşıq ədəbiyatı. Bir tək Xaqanini oxuyub anlamaq üçün bir ömür yox, bir neçə ömür lazım. Bu üzdən də bu tarixi dağıda biləcək bir dış etkən lazım. Çünkü bu tarixi mühit öyləsinə fars dili əsasında hörülmüş ki, güclü bir zərbə olmasa onun dağılması çətin məsələdir. Son 20 ildə də doğru-dürüst milli şəxsiyətlər yetişmədi. Nə bir tolstoy, nə bir Dostayevski yetişdirə bildik. Yetişənlər də yurd dışında yetişdi, ölkə dışında. İranda necə yetişmək olar? Nəyi oxuyub yetişmək mümkün? İranda sadəcə devrimci güc yetişə bilər. Devrimci güclə də bir şey edə bilməmişik. Bir neçə dəfə devrim gerçəkləşdirsək də, sonuc yenə də fars dilinin və kimliyinin yararına olmuşdur. Devrimci gücün ortaya qoyduğu olqu “Azərbaycançılıq” olmuşdur. Azərbaycançılığın da kökü, dərinliyi yoxdur. Kitabı yoxdur. Bilgiləri yox. 1940-cı illərdə sovetizmin ortaya çıxardığı bir ideoloji. Siyasi-mədəni keçmişdən yoxsun olan bir ideoloji. MÜSAVATÇIlar belə, azərbaycançı deyil, türkçü idilər. Çünkü tarixi olqu olaraq var olan türk etnosudur, türk kimliyidir. Bu gün isə İran dərin dövləti azərbaycançılıq ideolojisini mənimsəmiş kimi görünür. Çünkü ancaq bu yolla İranda türkiyə qarşıtı “türkçülük” oluşdurmaq olar. Türkiyə qarşıtı “türkçülük” isə, türklüyün İranda ölümə məhkum edilməsidir. İranlı uzmanlar bu ideolojinin İran-fars kimliyinə yararlı olduğunu sezmiş kimi görünürlər. Bu ideoloji əsasında rejim aşırı davranan, silahlı savaşdan danışan təşkilatların qurulmasını dolaylı və dolaysız olaraq dəstəklər kimi görünməkdədir. Çünkü nə Azərbaycan, nə Türkiyə, nə dünya, nə də İranda yaşayan Türk toplumu tərəfindən qəbul edilməyən bu tür təşkilatlar İrandakı türklüyün doğal gəlişməsini əngəlləyən yaxşı fürsətdir rejim üçün. Türklüyü böyləsinə mədəni və siyasi dərinliyi olmayan təşkilatların timsalında təmsilə çalışmaq fars dərin dövləti üçün yararlıdır. Çünkü heç bir kapasitəli, intelektli şəxsiyət özünü macəraçıların ortamında görmək istəməz. Arxasında milli dayanağı olmayan örgütləri də şübhəsiz ki, heç bir dövlət ciddiyə almaz.
**
O zaman İranda yaşayan türklüyün qurtuluşu necə mümkün ola bilər? Görünən odur ki, dışarıdan duyqu və düşüncə seli İranda yaşayan türklüyün tərpənişinə zəmin sağlaya bilər. Bu baxımdan İrandakı türklərin qamuoyunu etkiləyəcək tək etkən Türkiyə olaraq görünməkdədir. Türkiyədə türk dilində ortaya çıxan modern dəyərlər, Türkiyənin gəlişməsi və İranla yaxın və sıx ilişkilər qurması İrandakı türklüyün qurtuluşu üçün ən böyük fürsətdir, şansdır. Bunun üçün hər şeydən öncə bu görüşü özümsəmək gərəkir ki, İrandakı türklüyün qurtuluşu, özəlliklə Qafqaz və Anadolu türklüyünün yazqısının dışında oluşmayacaqdır. Zatən bir fars milliyətçiliyi projəsi olan Səfəvilik bu geniş bölgədə hakim olduqdan sonra İrandakı türklük həlqəsi digər türklük zəncirindən qopmuşdur. Bu üzdən də son 500 il içində farsçılığa pərçinlənmə sürəci yaşanmışdır. Türkiyədə ortaya çıxan dəyərlər Türkiyəni öz Osmanlı qaranlıq orta çağ keçmişindən uzaqlaşdıra bilmiş və tüklük bilinci oluşdura bilmişdir. Bu açıdan Türk-İslam qaranlıq orta çağından qopa bilməmiz və çağdaş dünyanın bir parçası ola bilməmiz üçün modern türkçənin bizə yararlı olacağı denəyimləri var. Bu baxımdan Türkiyə ilə ilişkilərin dərinləşməsi İrandakı türkləri öz keçmişindən qopara bilər. Çünkü İrandakı türklərin keçmişi farslara xidmətdən başqa bir şey deyil. Bu keçmişdən uzaqlaşmaq türklüyün tək qurtuluş yoludur. Türklər dünyanın hər yerində öz tarixlərinin əsarətindələr. Öz tarixlərinin əsarətində olan millətlərin qurtulması da zor olur, çətin olur. Bu gün İrandakı kürdlərin milli, mədəni və siyasi fəaliyətləri İrandakı türklərin səviyəsindən çox irəlidə. Qərb kitabxanalarını doldurmuşlar kitablarla. Nədən? Çünkü Kürdlərin tarixi yox. Kürdlər fars dilinə bir Mövlana, Bir Nizami, bir Şəhriyar, bir Xaqani verməmişlər. Kürdlərin türklər qədər farslarla bağları yox. Hələ bunlar sanki azmış kimi bir də Səfəvilər farslarla türklər arasında inanc özdeşliyi oluşdurdular. Bu üzdən də kürdlər öz tarixlərinin əsarətində deyillər. Ancaq İranda və Əfqanistanda türklər ilk öncə öz tarixlərinin əsarətindən qurtulmalı. İçimizdəki orta çağ buxovlarını qırmamız lazım. Bunun da tək yolu fars dilini bilməməkdir. Fars dilini bilən ordakı tuzaqlara ilişib qalacaq. Fars dilinə qarşılıq güclü bir türkçəçilik olmalı. Bunu da ancaq və ancaq Türkiyə yolu ilə sağlamaq mümkündür. Başqa bir seçənək yoxdur. Çünkü ancaq Türkiyə türkçəsində əski və çağdaş bilgilər mövcuddur və ancaq bu türkçədə birikən bilgiləri özümsəməklə fars dilinə qarşı meydan oxumaq olar. İştə bu nədənlə də Türkiyə-İran ilişkilərinin gəlişməsi uzun vədədə həm Türkiyənin İrandakı türklərin duyqularını qazanmasına səbəb olacaq, həm də türkçənin İrandakı türklər tərəfindən özümsənməsinə olanaq sağlayacaq. İran-Türkiyə ilişkilərinin genişləməsi, ancaq İranda yaşayan türklərin mədəni yüksəlişinə yardımçı olabilər. Əlbəttə ki, bu ilişkilər ortamında İran Türkiyəni bəzi Orta Doğu olaylarında qalxan kimi qullanmağa çalışa bilər. Ancaq bunun da imkanı azdır. İran türklərinin qapanmış milli düşüncələrinin oyanmasına Türkiyə təkan verə bilər. Çağdaş və sekular bir Türkiyə zatən bu gün bütün İranda yaşayan toplumlar üçün örnək kimi alqılanmaqdadır. Kürd yayılımını önləmək üçün bugünkü Türkiyə-İran işbirliyi yarın Güney Azərbaycanda və İranda yaşayan türklərin yararına sonuc verəcəkdir. Türkiyə-İran ilişkilərindən uzun vədədə qazanclı çıxacaq olan kəsinliklə İranda yaşayan türklər olacaqdır. Çünkü İrandakı bu rejim gec-tez gedəcək. Bu rejim sonrasına bağlıdır zatən türklüyün qalxınma və haqqını istəmə arzuları. O zaman Türkiyə nə qədər İranda söz sahibi olsa, Türkiyə və türkçə nə qədər İranda etkili olsa, İrandakı türklərin öz milli haqları yolunda aktiv olmaları da ona görə olacaqdır. Ən önəmlisi isə, türkçənin Türkiyədə dini, siyasi və düşüncə pluralizmi yönündə böyük təcrübələri var. Bunlara susamış olan İran türklərinin mənəvi ehtiyacı türkçə dolayısıyla gedərilmiş ola bilər. Böyük olasılığa görə də İranda ana dilimizdə dərsliklər hazırlanırkən, Türkiyədəki dərsliklərdən yararlanıb və bizim türkçəmizə uyumu sağlanmış dərsliklər hazırlanacaqdır. Başqa yerlərdəki təcrübələr İranda yaşayan türklərin dil ehtiyacını gedərə bilməyəcək. Çünkü başqa yerlərdəki türkçələrin özü qramatik açıdan farscanın etksi altındadır hələ də. İştə bu nədənlə də türklüyün mədəni yüksəlişini kiçik siyasi örgütlərə qurban verib, hansısa rejimə qarşı bir eyləmə dönüşdürməmək gərəkir. Türklük hərəkəti, özəlliklə indiki şəraitdə rejim qarşıtı bir eyləm olmamalıdır. Rejimin dəyişimini tarixi təkamülün öhdəsinə buraxıb öz mədəni fəaliyətlərimizlə məşğul olmalıyıq. Rejim dəyişikliyinə enerjisini həsr edənlər əsasən keçmişdə solçu olub və günümüzdə milli məsələyə də o açıdan baxan kəsimlərdir. Rejim dəyişikliyi ancaq mədəni inqilab yoluyla sağlana bilər, siyasi yolla deyil. Bu üzdən də İrandakı türklüyün genəl görəvi iqtidar-müxalifət çatışmalarına girmədən uzun vədəli mədəni devrimə qatqıda bulunmaları olsa gərək. Bizim ilk amacımız rejim dəyişdirmə savaşımı deyil, tarixi bir oluşum sürəcini sağlamaqdır. Bunu sırf rejim dəyişikliyi ilə tanımlaq və yalnız bu açıdan strateji ürətmək böyük xətadır. Bunun üçün başlıca yapılması gərəkən, hər şeyi türkçə oxumaq olmalı. Milli-tarixi görəvin peşində olan İrandakı türk gəncliyi böylə düşünməli, böylə davranmalı. “Sanki İran dağılmaq üzrədir və biz istiqlalımızı qurmağa gecikirik” kimi təbliğatlar toplumun önünü kəsən, düşüncədə gəlişməsini önləyən yalan söyləntilərdi. Tarixlə maraqlanan türkiyədə basılmış kitabları, fəlsəfə ilə maraqlanan türkiyədə yayımlanmış əsərləri, solçu Türkiyə solunun, sağçı Türkiyə sağının, liberal Türkiyə liberalın və onların türkçəyə çevirdikləri bilgiləri oxumalı. Bütün bu bilgilər isə, internet ortamında türk dilində mövcuddur. Bir sözlə ən qısa zamanda düşüncədə türkçələşmə eyləmləri başlamalı. Özümsənən bilgilər isə, kəndi Türkçəmizdə toplumumuza axtarılmalıdır.
Bu gerçəkləri göz önündə bulunduraraq İran heç bir zaman Türkiyə ilə geniş qapsamlı işbirliyinə girməmişdir. Türkiyəni hər zaman birər düşmən kimi alqılamışdır. Ancaq şərtlər dəyişmiş və artıq Türkiyə TV-ləri ilə, internetlə İrandakı bütün ailələrə girmişdir. İrandakı türklüyün qurtuluşu bu açıdan qolaylaşmışdır. Yetər ki, bu olanaqlardan yararlanmağı heç bir tələskənliyə qapılmadan başaralım. Böyük bir səbir və təmkinlə mədəniyətdə türk birliyi anlayışı ilə gələcəyə doğru yürüyəlim. İranda çox dərin ədəbiyat və tarixi bilgilər var. Bu ortamda zəif və köksüz bilgilərlə fars milliyətçilərinə qarşı çıxmaq mümkün deyil. Günümüzdə yayqın olan şüarlarla heç mümkün deyil. Doğru-dürüst bilgi lazım. Bu bilgilərdə ancaq Türkiyə kanalı ilə əldə edilə bilər. Başqa bir seçənək yox. Bu gerçəyi anlamalı və yararlanmalıyıq. İran miqyasında və və dünya çapında şəxsiyət yetişdirməmizin tək yolu türkiyədir. 1946-cı ildə 20 mindən artıq adam getdi günyedən Quzeyə. Sanki yoxa çıxdılar. Bu gün onlar aktiv güc deyillər. Onların 10-da biri Türkiyədə olsaydı indi statusumuz başqa olardı. Necə ki, son 10 ildə türkiyədə bəlli ölçüdə bilim adamlarımız ortaya çıxmışdır. 20-40 yaşa arası gənclərin siyasətlə uğraşıb kəndilərini zavallı duruma düşürmələrinin heç bir anlamı yoxdur. Tərsinə, Türk yüksəlişinə böyük zərbədir. Bu yaş arası hər kəs oxumalıdır. Dolu bilgilərlə siyasətlə uğraşmanın üstün özəllikləri çoxdur.
İştə bu nədənlə də İranda türkçə tarix oxuma, roman oxuma, fəlsəfə oxuma, sosioloji və digər bilgiləri özümsəmə klubları oluşdurulmalıdır. Bu biçim fəaliyətləri önləmək olmaz, tutuqlananları da 3-4 gündən fazla saxlayamazlar. Kiçik və yaxın vədəli dar siyasətlə uğraşmaq türk gənclərinin enerjisini boşuna xərcləmək, onları boş yerə zindanların küncünə göndərməkdir. Türkçə yazıb-oxuma alışqanlığını kadro şəxsiyətlər arasında yayqınlaşdırmadan, mədəni dərinliyi olmayan siyasətlə uğraşmaq yararlı ola bilməz. Zatən bundan ən çox fars milliyətçi yararlanar. Milli qurtuluş modern bir projədir. Türk-İslam tarixinin antitezi. Bunun üçün də modern bir dil lazım. Modernitədə təcrübəsi olmuş bir türkçə.






