Martın 20-də ABŞ Prezidenti Barak Nüseyin Obamanın Novruz Bayramı münasibətiylə xüsusi təbrik müraciəti yayması və müraciətinin geniş hissəsini İran ilə münasibətlərə ayırması dünya gündəminin əsas mövzularından biri oldu.Obama İranlı liderlərə müraciət edərək bildirmişdir ki, aramızda ciddi fərqlər var. Amma mənim rəhbərliyim önümüzdəki bütün mövzuları ələ alacaq bir diplomatik yanaşmaya sahibdir. İranın da proseslə bağlı məsuliyyətləri olduğunu, İranın beynəlxalq ictimaiyyətdə yerini almə haqqının olduğunu, amma bunun terrora silah təmin edərək deyil, İran mədəniyyətinin böyüklüyünü sərgiləyərək göstərilə biləcəyini ifadə edən Obama, \"Böyüklüyünüz yox edə bilmənizdə deyil tikib yarada bilmənizdə yatır\" dedi. Çıxışında məşhur şair Sədidən də sitat gətirən Obamanın bu yeni il mesajı eyni zamanda İran lideri Mahmud Əhmədinejadın Obamaya ünvanladığı təbrik məktubuna cavab xüsusiyyəti də daşıyır. Obamanın təklifi Avropa Birliyi rəsmiləri, o cümlədən bu təşkilatın Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Havyer Solona tərəfindən də müsbət qarşılandı.
Obamanın təbrikinə İranın reaksiyası gözlənildiyi kimi birmənalı olmadı, bəzi İran rəsmiləri bunu qismən müsbət qarşılasalar da, əksər rəsmilər ABŞ prezidentinin Novruz təbrikinə mənfi reaksiya göstərdilər. İstanbulda keçirilən 5-ci Dünya Su Forumunda içtirak edən İranın Enerji Naziri Seyed Parviz Fattah Martın 20-də keçirdiyi mətbuat konfransında Obamanın müraciətinin müsbət çalarlarla zəngin olduğunu bildirmişdir. Eyni gün İran prezidentinin mətbuat üzrə müşaviri Əli Əkbər Cavanfikr də xarici jurnalistlərin sualına cavab verərkən Obamanın məktubuna ümumən müsbət yanaşdıqlarını, fəqət, əvvəlcə “Amerika hökumətinin, keçmişdəki səhvlərini etiraf edib, onları düzəltməyə çalışmalı olduğunu” vurğulamışdır. Martın 21-də isə İranın Ali Dini Lideri Ayətullah Əli Xamaneyi ABŞ prezidentinin İran xalqına müraciətinə münasibət bildirərkən, ABŞ-ın dəyişiklik şüarından istifadə etməyə çalışdığını, ancaq onun Tehrana qarşı siyasətində hər hansı bir dəyişiklik müşahidə etmədiklərini söyləyərək, Obamanın çıxışına sərt reaksiya göstərmişdi. Xamaneyi daha sonra Məşhəddə keçirilən bir mitinqdə də məsələyə toxunmuş və ABŞ-ın dostluq əli uzatmasını səmimi qarşılamadıqlarını vurğulamışdı: “Onlar deyirlər ki, İrana dostluq əllərini uzadıblar. Lakin, bu, necə bir əldir? Əgər bu əldə bəzəkli əlcək altında dəmir parçası tutulubsa, bu zaman onun xoş niyyətə söykənməsi sual altına düşür”. Martın 25-də isə İran Parlamentinin Sədri Əli Laricani məsələyə münasibət bildirərkən “İran ilə ABŞ arasındakı problemlərin təbrik çıxışları və ya gözəl sözlərlə həll edilməsinin mümkün olmayacağını” qeyd etmişdir.
Bilindiyi kimi, İran ilə ABŞ arasındakı münasibətlər 1979-cu ildəki inqilabdan sonra pisləşmiş, ABŞ-ın Tehran səfirliyinə hücumdan sonra isə diplomatik münasibətlər tamamən kəsilmişdi. İİR Prezidenti Əhmədinejad təxminən 3 il əvvəl ABŞ-ın keçmiş prezidenti Corc Buşa məktub yazaraq, münasibətlərdə yeni mərhələ başlatmağı təklif etmiş, ancaq o məktub ABŞ prezidenti tərəfindən cavablanmamışdı. 2008-ci il Noyabrın 7-də isə Əhmədinejad Barak Obamaya Amerika Birləşmiş Ştatlarının prezidenti seçilməsi münasibəti ilə təbrik məktubu göndərərək, ikitərəfli münasibətlərdə yaxınlaşma ilə bağlı ümidlərini dilə gətirmişdi. Amma indi İİR rəsmiləri ABŞ prezidentinin müraciətinə sərt reaksiya göstərirlər. Bu, çox güman ki, İran rəsmilərinin ABŞ ilə münasibətlərin yaxşılaşmasında əslində çox da maraqlı olmamasında irəli gəlir. İndiyə qədər İran-ABŞ münasibətlərinin yaxşılaşması ilə bağlı təşəbbüslərin müşahidəsi göstərir ki, tərəflərin heç biri münasibətlərin yaxşılaşmasından çox indiki vəziyyətin davamında maralıqıdırlar. Xüsusilə İran tərəfi mövcud hakimiyyətin dəyişməsi, hətta rejim dəyişikliyi ilə müşahidə oluna biləcək bir prosesin başlamasından çəkinirlər. ABŞ-ın son təşəbbüsündə də bunun izlərini görürlər. Təsadüfi deyil ki, Obamanın çıxışından dərhal sonra keçirdiyi mətbuat konfransında “Ağ Ev”-in mətbuat katibi Robert Gibbs “İranla bağlı xüsusi planları olduğunu, amma indiki mərhələdə o planlar barədə danışmayacağını” bəyan etmişdi. Bunlara qarşıdan İran prezident seçkisinin gəldiyi də əlavə olunduqda İran-ABŞ münasibətləri ilə bağlı müsbət dəyişikliklərin yaxın vaxtlarda reallaşması ehtimalının zəif olduğu görünür.






